CƏMİYYƏT
Poçt vasitəsilə ölkəyə narkotik gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 7 iyul, AZƏRTAC
Poçt vasitəsilə ölkəyə narkotik gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0,051 kiloqram olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçirilərkən şübhə yaratdığı üçün gömrük baxışından keçirilib.
Yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib. Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0,073 kiloqram təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.
Rusiya Federasiyasından Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb.
Belə ki, ümumi çəkisi 0,800 kiloqram olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkarlanıb.
Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.