REGİONLAR


“Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsi başa çatıb

Naxçıvan, 16 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” çərçivəsində “Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini bildirib. Diqqətə çatdırılıb ki, belə bir tarixi ildə görkəmli şairin yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkanlar açır.

Tədbirdə çıxış edən şairlər Əbülfəz Ülvi, Elxan Məmmədov və Ələsgər Nehrəmli bildiriblər ki, bədii dilin sadəliyi və aydınlığı baxımından İmadəddin Nəsimi lirikası sələflərindən və xələflərindən fərqlənir. Onun dərinmənalı şeirləri Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını, geniş imkanlara malik olduğunu nümayiş etdirir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük verib. Onun XIV-XV əsrlərdə yazılmış elə şeirləri var ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar.

Sonra müsabiqəyə start verilib, gənclər Nəsimi yaradıcılığına dair müxtəlif şeirlər səsləndiriblər.

İyirmi gəncin iştirak etdiyi müsabiqədə gənclərin bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən “Hardasan” şeiri ilə Qızbəsti Quliyeva I, “İstəmə” şeiri ilə Gülay Tahirli II, Aytac Əliyeva isə yenə də “Hardasan” şeiri ilə III yerin qalibi adına, digər üç yerin sahibləri isə həvəsləndirici mükafatlara layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.