SİYASƏT


Polad Bülbüloğlu: Azərbaycan bir daha öz torpağında separatizm toxumlarının cücərməsinə imkan verməyəcək

Moskva, 12 noyabr, AZƏRTAC

Qarabağda doğma ocaqlarından qovulan bütün azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz evlərinə qaytarılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti”yə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

O deyib: “Mən özüm Qarabağdanam və oraya getmək arzusundayam. Orada mənim atamın evi dağıdılıb, bu evi bərpa etmək lazımdır. Şuşada görüləsi çox işlər var. Bir vaxtlar Şuşada dahi şairə Natəvanın, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin, mənim atamın, - o, SSRİ-nin Xalq artisti, Stalin mükafatı laureatı, professor, vokal məktəbinin banisi olub və Şuşada doğulub, - büstləri ermənilər tərəfindən güllələnib. Bu abidələr atəşə tutulub və Ermənistan ərazisinə aparılıb. Onları Bakıya qaytarmaq mümkün olub. Fikrimcə, məsələlərdən biri də bu abidələri Şuşaya qaytarmaq olacaq”.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Türkiyənin guya həddən artıq maraq göstərməsi və vasitəçilərin qərəzsiz mövqe tutmalı olması” barədə suala cavabında səfir bu sualı ən əvvəl Fransaya verməyi təklif edib. Diplomat deyib: “Fransa o dərəcədə qərəzli mövqe tutur ki, hətta məsələnin həllindən sonra Fransa XİN tamamilə qəbuledilməz bəyanatlar verir. Yaxud da bu sualı Ermənistanın nümayəndəsi kimi yorulmadan fəaliyyət göstərən Makrona verin. Əlbəttə, vasitəçilər neytral olmalıdırlar. Rusiyada da Ermənistana simpatiya bəsləyən insanlar həddən artıqdır və onlar Azərbaycan torpaqlarının işğalının davam etməsi üçün əllərindən gələni edirlər”.

P.Bülbüloğlunun fikrincə, erməni-türk münasibətləri ilə bağlı məsələləri bu iki ölkə özü həll etməlidir. Türkiyə tarixçilərdən ibarət komissiyanı yaratmağı, arxivləri açmağı dəfələrlə təklif edib. “Hesab edirəm ki, tarixi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Bir var de-fakto siyasəti, bir də var bu günün reallıqları və onları əsas götürmək lazımdır. Bu gün Türkiyədə milyona yaxın erməni yaşayır, onlar Türkiyədə kifayət qədər firavan yaşayırlar, İstanbulda əsasən ermənilərin yaşadığı məhəllə var. Türkiyədə təxminən yüz min erməni işləyir. Ermənistan Türkiyə ilə konfrontasiyadan nə qazanır? Heç nə. Türkiyə ilə konfrontasiya nə qədər davam edərsə, Ermənistanın vəziyyəti bir o qədər pis olar”, - deyə səfir vurğulayıb.

Diplomat, həmçinin guya Azərbaycan tərəfdə döyüşən suriyalı muzdlular məsələsinə də toxunub. O qeyd edib ki, Rusiyanın rəsmi şəxsləri muzdlular barədə danışanda bir dəfə də olsun onların kim tərəfdə vuruşduğunu xatırlatmayıblar. P.Bülbüloğlu əlavə edib ki, Azərbaycan səfirliyinin Rusiyanın müvafiq orqanlarına göndərdiyi sənəddə Qarabağda erməni tərəfində döyüşən muzdlular barədə Azərbaycan tərəfi dəqiq informasiyanı təqdim edib.

Polad Bülbüloğlu erməni tərəfinə müraciət edərək deyib: “Ermənistan işğaldan nə qazandı? Yarıboş Qarabağ bundan nə qazandı? Biz Qarabağın kənd və şəhərlərinin hansı vəziyyətdə olmasını dünya ictimaiyyətinə təqdim edəcəyik”.

Diplomat, həmçinin diqqətə çatdırıb ki, bütün dünyada, o cümlədən Rusiyada separatçı qüvvələrlə mübarizə aparırlar, Azərbaycan da Rusiya kimi çoxmillətli, çoxkonfessiyalı ölkədir və bir daha öz torpağında separatizm toxumlarının cücərməsinə imkan verməyəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.