MƏDƏNİYYƏT


Polad Bülbüloğlu: Canəli Əkbərovun əziz xatirəsi hər zaman qəlbimdə yaşayacaq

Moskva, 23 oktyabr, AZƏRTAC

Əziz Canəli Əkbərovun vəfat xəbəri məni son dərəcə kədərləndirdi. Bu, Azərbaycan incəsənəti, mədəniyyəti üçün böyük itkidir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlu Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı başsağlığı məktubu imzalayıb. Məktubda bildirilir ki, məşhur xanəndələr Seyid və Xan Şuşinskilərin tələbəsi olan Canəli Əkbərov Azərbaycan muğam sənətinin klassik ənənələrini davam və inkişaf etdirib. Milli operamızın səhnəsində bir sıra gözəl obrazlar yaradıb. Bu obrazların mürəkkəb və çoxşaxəli mahiyyətini məharətlə açmağı bacaran sənətkarın nəinki vokal, eyni zamanda, aktyorluq istedadı da özünü göstərib.

“Mən hər zaman təvazökarlığı və insani keyfiyyətləri ilə seçilən, bu xüsusiyyətləri ömrünün sonuna qədər saxlaya bilən Canəli müəllimin sənətini yüksək qiymətləndirmişəm, ona dəstək olmuşam. Onun demək olar bütün fəxri ad və mükafatları mənim Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyim dövrə təsadüf edir. Dəfələrlə onunla yol yoldaşı olmuşuq, hətta bir səhnəni bölüşmüşük. O vaxtlar xarici ölkələrə birgə səfərlər etmişik və Canəli Əkbərov hər zaman Azərbaycan muğam sənətini yüksək səviyyədə təmsil edib. Canəli müəllim Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin, ümumiyyətlə, Qarabağ muğam məktəbini yaşatmaq üçün böyük səylər göstərib, yeni nəsil ifaçılar yetişdirib, öz istedadı və təcrübəsini ilə bölüşüb. Canəli Əkbərovun əziz xatirəsi hər zaman qəlbimdə yaşayacaq. Mərhumun ailəsinə və yaxınlarına, həmkarlarına və tələbələrinə, onun unudulmaz istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.