MƏDƏNİYYƏT


Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” Fondunun medalına layiq görülüb

Moskva, 23 oktyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” (“Русское исполнительное искусство”) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, medal P.İ.Çaykovski adına Moskva Dövlət Filarmoniyasında keçirilmiş “Rusiya musiqi dövlətidir” konsert proqramı çərçivəsində təqdim olunub.

“Rus ifaçılıq sənəti” Fondunun prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi Valeri Voronov mərasimdə çıxışında qeyd edib ki, Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə, dünya musiqi sənətinin inkişafına dəyərli töhfələr verib.

Polad Bülbüloğlu mükafata görə təşəkkürünü bildirərək Fondun Rusiya və dünya mədəniyyətinin inkişafında rolunu vurğulayıb. Səfir deyib ki, Fondun fəaliyyətində yaxından iştirak edən dahi musiqiçilər arasında həmyerlimiz Mstislav Rostropoviç də var idi. Onun Bakıya hər gəlişi Azərbaycan musiqisevərləri üçün bayrama çevrilirdi.

P.Bülbüloğlu qeyd edib ki, Fondun başlıca qayəsi olan incəsənətin, o cümlədən gənc musiqiçilərin dəstəklənməsi olduqca nəcib işdir.

Həmin axşam Fondun mükafatına layiq görülənlər sırasında SSRİ Xalq Artisti İosif Kobzon və başqaları da var idi.

Qeyd edək ki, “Rus ifaçılıq sənəti” Fondu 25 il əvvəl musiqi xadimlərini birləşdirmək məqsədilə yaradılıb. Ötən dövr ərzində Fond xeyli yerli və beynəlxalq layihələr həyata keçirib, gənc musiqiçilər üçün təqaüd proqramları təsis edib. Fondun tədbirlərində dəfələrlə Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedev iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.