REGİONLAR
Polad Bülbüloğlu: Şuşada qala-konsertin keçirilməsi məni Qarabağın oğlu kimi çox sevindirir VİDEO
Şuşa, 24 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün gözəl gündür. Cıdır düzündə, Şuşada Muğam Müsabiqəsinin qala-konsertinin keçirilməsi məni bir musiqiçi kimi, Qarabağın oğlu kimi, Bülbülün oğlu kimi çox sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu bildirib.
O, Qarabağda, Şuşada mədəniyyət tədbirlərinin keçirilməsinin bərpa olunmasına, yeni ifaçılar nəslinin yetişməsinə görə sevincini ifadə edərək deyib: “Yeni nəsil çox gözəl səslərə malikdir. Bizim ifaçılar çox yüksək səviyyədədirlər. Sevincimiz çox böyükdür, bu gün biz Qarabağdayıq, Şuşadayıq. Bizim musiqimiz ölməzdir. Bizim dahilərimizin, Cabbar Qaryağdıdan başlamış Xan Şuşinskinin, Seyid Şuşinskinin, Üzeyir Hacıbəylinin ruhları şad olmalıdır ki, Cıdır düzündə, Şuşada belə gözəl, çox yüksək səviyyəli konsert keçirildi. Bülbülün ev muzeyində Muğam Müsabiqəsinin finalı və iştirakçıların mükafatlandırılması da məni çox sevindirir. Artıq bu məkanlar yaşayır, gözəl ənənələr yaranır. Azərbaycan xalqı durduqca, muğam da yaşayacaq”.