MƏDƏNİYYƏT


Polad Bülbüloğlu yenidən MDB DHƏF İdarə Heyətinin sədri seçilib

Moskva, 18 dekabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbəti dəfə yekdilliklə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri seçilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Moskvada MDB DHƏF İdarə Heyətinin, MDB Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının birgə iclası keçirilib. İclasda DHƏF İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar Əməkdaşlıq Şurasının sədri, Tacikistan Prezidentinin köməkçisi Əbducabor Rahmonzoda və MDB-nin rəhbər humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

İclasda 2019-cu ildə DHƏF-in dəstəyi ilə həyata keçiriləcək dövlətlərarası layihələrin siyahısı təsdiq olunub. Plana Fondun ənənəvi aksiyaları (Yaradıcı və Elmi Ziyalıların Forumu, “Birliyin Ulduzları” və “Debütlər birliyi” mükafatları, “Minsk təşəbbüsü” kompleks layihəsi və s.) ilə yanaşı, DHƏF-in dəstəyi ilə ilk dəfə keçiriləcək tədbirlər də daxil edilib. Onların arasında Dünya Xalqlarının Eposu Beynəlxalq Festivalı, A.A.Qromıko adına Beynəlxalq Münasibətlər üzrə Gənc Mütəxəssislərin Müsabiqəsi, Gənc Kimyaçılar Məktəbi, “Qayaüstü mədəniyyət: mif, rəsm, dünya” elmi seminarı kimi layihələr var.

2020-ci ildə qeyd olunacaq faşizm üzərində Qələbənin yubileyi ərəfəsində hazırlıq işlərinə də böyük diqqət yetirilməsi nəzərdə tutulur. 2019-cu ilin planına Birlik ölkələrinin nümayəndələrini bir araya gətirəcək 80-dən çox aksiya daxil edilib.

İclasda qəbul olunmuş daha bir mühüm qərar DHƏF İdarə Heyəti sədrinin seçilməsi olub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu növbəti dəfə yekdilliklə bu vəzifəyə seçilib. Onu təbrik edən M.Şvıdkoy vurğulayıb: “Sabitlik inkişafa əngəl deyil”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.