Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti bəstəkarın doğum gününə hədiyyə olunacaq
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Akademik Opera və Balet Teatrı fevral ayının ilk tamaşasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, fevralın 1-də Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və Ölüm” baleti nümayiş olunacaq. Teatrın kollektivi 2 pərdəli balet tamaşasını bəstəkarın doğum gününə hədiyyə edəcək.
Tamaşa təkcə bizim üçün yox, eyni zamanda, bütün bəşəriyyət üçün əhəmiyyətli bir mövzuya həsr edilib. “Eşq və Ölüm” baleti məhəbbət və nifrət, dostluq və xəyanət, həyat və ölüm kimi əbədi mövzulardan bəhs edir.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, “Eşq və Ölüm” baletini bəstəkar Polad Bülbüloğlu Dədə Qorqud dastanının motivləri əsasında yaradıb. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirilib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və Ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münxen Opera Sənəti Festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.
Xəbərin mətnində orfoqrafik səhv var