REGİONLAR
Polad Zeynalov: Kəndimizdə yeni məktəb binasının inşası təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq
Ağdam, 6 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı imzaladığı Sərəncam kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub.
Birinci Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 1991-ci ildən bir sinif kompleksindən ibarət ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar əsas məktəb, 2008-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. 11 sinif otağından ibarət məktəbdə 111 şagirdin təlim tərbiyəsi ilə 30 müəllim məşğuldur. Tam orta məktəb üçün uyğun olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Məktəbin şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Belə ki, 2015-2016-cı tədris ilində məktəbin bir məzunu 664 bal, digər məzun isə 455 bal toplayıb. Məktəbin bir şagirdi 2016-cı ildə fənn olimpiadasında coğrafiya fənnindən respublika üzrə ikinci yeri tutaraq gümüş medal qazanıb, fənn müəllimi fəxri fərmanla təltif edilib. Bir şagird təlim nəticələri yüksək olduğu üçün qızıl medal qazanıb. Bundan başqa, məktəbin şagirdləri 2016-2017-ci tədris ilində "Şahin" idman oyunlarında ikinci yerə layiq görülüblər.
Direktor paytaxt və rayon mərkəzləri ilə yanaşı, ən ucqar yaşayış məntəqələrində də müasir məktəb binalarının tikilməsini, mövcud məktəblərin təmir edilməsini və ya yenidən qurulmasını təhsilə göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirib. "Respublikamızda təhsilin inkişafına diqqət və qayğı ilə yanaşılır. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Ağdam rayonunun cəbhə xəttində yerləşən Birinci Yüzbaşılı kəndində yeni məktəb binasının tikilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən Sərəncam imzalanması təhsilin inkişafına yönələn siyasətin bariz nümunəsidir. İnanıram ki, məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq. Biz müəllimlər də çalışacağıq ki, öz işimizlə dövlətimizin qayğısına layiqincə cavab verək, şagirdlərin, yetişdirdiyimiz gənc nəslin xalqımız üçün yararlı vətəndaş kimi böyümələrinə nail olaq", - deyə P.Zeynalov bildirib.