İDMAN


“Polad” çövkən komandası “100 İllik Yubiley Kuboku”nda üçüncü yeri tutub

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin sonuncu günündə - iyunun 9-da “Polad” və “Buta Golden” komandaları üçüncü yer uğrunda üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” kollektivi 2:1 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb.

Turnirin final görüşündə “Omar” və “Sərhədçi” komandaları çempion adı uğrunda qarşılaşacaqlar.

Xatırladaq ki, yarımfinalda “Polad” komandası “Omar”a (0:1), “Buta Golden” isə “Sərhədçi”yə (2:5) məğlub olmuşdu.

Yarışın ümumi mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində, iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunub.

Milli Atçılıq Festivalına iyunun 15-17-də keçiriləcək arena polo üzrə VI Dünya Kuboku yarışı ilə yekun vurulacaq. Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların mübarizə aparacağı Dünya Kuboku yarışında üç gün ərzində altı oyun keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.