REGİONLAR
Poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatının qalibləri müəyyənləşib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışda 8 komanda mübarizə aparıb. Yarış 5 növ üzrə – 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, 100 metr məsafəyə üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Çempionatın yekun nəticələrinə əsasən, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Babək rayon Payız kənd tam orta məktəbinin komandası ikinci, Ordubad rayon Xanağa kənd tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, Təhsil Nazirliyinin diplomları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası aprelin 26-30-da Mingəçevir şəhərində keçiriləcək “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcək.