CƏMİYYƏT


Polietilen məhsullar torpaqda 800, dənizdə isə 400 ilə parçalanır

Bakı, 8 iyun, G.Mahmudlu, AZƏRTAC

İyunun 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik qablar, polietilen torbalar və onların ətraf mühitə təsirinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva öz çıxışında plastik qablar və polietilen torbaların təkcə insan sağlamlığına deyil, flora və faunaya da təhlükə yaratdığını qeyd edib. O bildirib ki, hər il yüzlərlə heyvan və quş təbiətə atılan plastik qablar və polietilen torbaların qurbanı olur.

“BMT-nin baş katibi Antoniu Quterreş bu il Ətraf Mühit Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən planetimizin sakinlərini plastik qablar və polietilen torbalardan istifadəni məhdudlaşdırmağa səsləyib. O, plastik tullantılarla çirklənmə probleminin həlli üçün hər kəsi birliyə çağırıb. Artıq dünyada plastik qablar və polietilen torbalardan imtina edən ölkələrin sayı getdikcə artır. Hazırda dünyanın 40 ölkəsi polietilen məhsulların istehsalını və satışını qadağan edib və ya məhdudlaşdırıb. ETSN plastik tullantıların idarə olunması və əhalinin maarifləndirilməsi ilə əlaqədar tədbirlər görməyə başlayıb. Nazirlik polietilen məhsulların yığılması üçün konteynerlər sifariş edib. Bakı, Sumqayıt və Gəncə Şəhər İcra hakimiyyətlərinə konteynerlərin quraşdırılması üçün yer ayrılması məqsədilə müraciət edilib. Onların əsasən insanların sıx olduğu ərazilərdə quraşdırılması nəzərdə tutulub. Polietilen məhsulların istifadəsinin azaldılması və təbiətə zərərinin qarşısının alınmasında cəmiyyəti bizimlə birgə əməkdaşlığa çağırırıq”,-deyə U.Tağıyeva vurğulayıb.

Nazirliyin sektor müdiri Mehman Nəbiyev bir sıra ölkələrində plastik qablar və polietilen torbaların zərərinin qarşısının alınması istiqamətində görülən işlər barəsində məlumat verib. O bildirib ki, ABŞ-da, Çində, Avstraliyada, İtaliyada, Fransada, o cümlədən bəzi Afrika ölkələrində həmin məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir. O, belə tədbirlərin Azərbaycanda da zamanla həyata keçirilməsinin vacibliyini və burada ictimaiyyətin rolunu xüsusi qeyd edib.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov deyib ki, plastik qablaşdırma materialları qlobal problemdir. Polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmin məhsullar torpağın münbit qatına, yaşıllıqlara, çaylara və su hövzələrinə mənfi təsir edir. Buna görə də onlardan beynəlxalq səviyyədə istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Ölkəmizdə plastik tullantıların geri alınması, yenidən istehsalı mexanizmi qurulmayıb. Nəticədə onların sayı durmadan artır. Nazirlik yaxın gələcəkdə bununla bağlı təkliflər hazırlayacaq. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. Halbuki 1960-cı illərdə isə bu rəqəm cəmi 1 faizə bərabər olub.

“Ekosfera” sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə təşkilatın bu istiqamətdə gördüyü işlər və həyata keçirilən maarifləndirmə aksiya və kampaniyaları barədə məlumat verib.

Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.