CƏMİYYƏT
Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. On-on beş dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamamilə yox olması üçün yüz illər lazım gəlir. Həmin tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir. Hər birimiz polietilen torbaların, plastik qabların alternativlərindən - şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Türkən Kərimzadə AZƏRTAC-a müsahibəsində deyib.
T.Kərimzadə, həmçinin bildirib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə, ilk növbədə, həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur. Tədbirlər Planına uyğun olaraq nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir. Böyük Britaniyanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkədə ezamiyyədə olan zaman plastik və bərk məişət tullantılarının idarə olunması sistemi və qaydaları ilə yaxından tanış olduq”.
ETSN-in əməkdaşı nazirliyin plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işlərini davam etdirdiyini də diqqətə çatdırıb.