ELM VƏ TƏHSİL
Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 7 may, AZƏRTAC
AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a PMİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov təhsil-elm-istehsalat zəncirinin möhkəmləndirilməsinin əhəmiyyətindən, elm və təhsilin inteqrasiyası istiqamətdə rəhbərlik etdiyi institutun universitetlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının vacibliyindən danışıb. O, institutda tələbələrin nəzəri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri və təcrübi olaraq dərinləşdirmələri üçün hər cür şərait olduğunu bildirib. UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması istiqamətində perspektivlərdən söz açıb, əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə PMİ və UFAZ arasında əməkdaşlıq imkanları müzakirə edilib, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (Unistra) ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olunub.
Görüşdə Polimer Materialları İnstitutunun baş mühəndisi, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, elmi araşdırmalar departamentinin rəhbəri, professor Filip Turek, magistr pilləsi üzrə kimya müəllimi Zahra Afrassiabian iştirak ediblər.