ELM VƏ TƏHSİL
Polimer Materialları İnstitutunda Anım Günü tədbiri: Tarixi Qələbə
Bakı, 24 sentyabr, AZƏRTAC
AMEA-nın Polimer Materialları İnstitutunda Anım Günü tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi ilə alışıb-yanan Azərbaycan bu tarixi Zəfəri şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə edib. Müharibənin başladığı ilk gündən institutun əməkdaşları yaşlarından asılı olmayaraq bütün imkanları ilə ordumuza dəstək olublar.
Sonra institutun elmi katibi dosent Solmaz Rzayeva Ali Baş Komandan İlham Əliyevin atdığı addımların xalqımızı qələbəyə apardığını bildirib. Ordumuzun qətiyyəti qarşısında düşmənin aciz qaldığını, təxribatlara əl atdığını və müxtəlif müharibə cinayətləri törətdiyini xatırladıb. Müəssisənin icraçı direktoru dosent Kazım Quliyev çıxış edərək bugünkü qələbənin Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin, ordumuzun qüdrətinin və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu söyləyib.
Tədbirə dəvət olunan institut əməkdaşlarından Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən ehtiyatda olan zabitlər – Vaqif İbrahimov və Şəmsəddin Hüseynov alimlərin qarşısında çıxış etməyin çox böyük məsuliyyət və şərəf olduğunu bildiriblər. Onlar 44 gün davam edən müharibəni sözlərlə ifadə etməyin çətin və mümkünsüz olduğunu qeyd ediblər.
Daha sonra Təhsil şöbəsinin müdiri dosent Almaz Çələbiyeva və Həmkarlar İttifaqı Təşkilatının sədri Aynurə Məmmədova ölümün gözünə dik baxan qazilərimizə göstərdikləri vətənpərvərlik və qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər. Tarixi savaşda minlərlə Vətən oğlu ilə bərabər şərəfli döyüş yolu keçmiş hər iki qaziyə təşəkkürnamə təqdim olunub. Eyni zamanda, institutun ailə üzvləri müharibədə iştirak edən 6 əməkdaşına Həmkarlar İttifaqı Təşkilatının sovqatı verilib.