ELM VƏ TƏHSİL
Polimer Materialları İnstitutunun magistrantları təhsillərini distant qaydada davam etdirirlər
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun magistrantları üçün təhsil distant qaydada davam etdirilir. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, elmi müəssisədə kompozisiya materialları kimyası, yüksəkmolekullu birləşmələr kimyası ixtisasları üzrə təhsil alan iki magistrant hazırda distant formada elmi-pedaqoji təcrübə keçir.
Distant təhsil prosesi institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və Təhsil şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Almaz Çələbiyevanın nəzarəti altında həyata keçirilir.
İkinci kursda təhsil alan magistrantlar Sevil Şərbətli və Röyal Quliyev isə dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. Magistrantların elmi rəhbərləri AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və professor Nəcəf Qəhrəmanov onlara onlayn qaydada dissertasiya işlərinin yekunlaşdırılması üçün elmi-metodiki məsləhətlər verirlər.
Qeyd edilib ki, aparılan işlər haqqında mütəmadi olaraq AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə məlumat verilir.