CƏMİYYƏT


Polipin müalicəsi onun quruluş, forma və histoloji vəziyyətindən asılıdır

Bakı, 5 iyul, AZƏRTAC

Polip müxtəlif orqanların toxuma və selikli qişasında yaranan xoşxassəli törəmədir. Lakin bu o demək deyil ki, polip aşkar olunduqda müalicədən imtina etmək lazımdır. Nadir hallarda polip zamanla xərçəngə çevrilə bilər. Bu, heç bir əlamətlə özünü büruzə vermir, ultrasəs müayinəsi zamanı aşkar oluna bilər. Polip aşkarlanıbsa, xəstə mütləq ildə ən azı bir dəfə yoxlanılmalıdır.

AZƏRTAC xəbər verir ki, həkim-qastroenteroloq Samirə Məmmədova deyib: “Əgər orqanizmdə şübhəli məqam və böyümə varsa, o zaman əməliyyatla xaric edilməlidir. Adətən mədə polipləri şikayətə səbəb olmurlar. Mədə polipləri böyük olduqda, üzəri xoralı və ya eroziyalı olanda qanama, anemiya verə və yaxud mədənin çıxacağına doğru böyüyərək orda daralmaya səbəb ola bilər. Belə hallarda poliplərə müdaxilə edilir. Poliplərdə konservativ, yəni dərman müalicəsi təyin olunmur. Polipin forma, quruluş və histoloji tərkibinə əsasən endoskopik müdaxilə göstərilir. Öd kisəsi poliplərində də dərman müalicəsinin heç bir əhəmiyyəti yoxdur”.

Poliplərə burun, boğaz, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi və öddə rast gəlinir. Onların yaranma səbəbləri isə müxtəlifdir. Öd kisəsi polipləri hormonal fona görə qadınlarda daha çox rast gəlinir və xolesterin mənşəli olur. Bəzi xəstələr polipdən analiz götürülərkən narahat olurlar. Həkim-qastroenteroloq bildirib ki, narahatlığa əsas yoxdur: “İrsi faktor da böyük rol oynayır. Xəstədən anamnez toplayarkən ailədə kimdəsə belə xəstəlik olub-olmadığı da araşdırılır. Xüsusilə ailəsində belə hallar olanlar daha çox izlənilmləlidir”.

Polipi olanlar sauna, günəşdə qaralma, bəzi fizioterapiya prosedurları və vitamin terapiyasından uzaq olmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.