“Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Ağcabədi rayonu üzrə qalibi məlum olub
AzerTAg.az
Ağcabədi, 30 noyabr, AZƏRTAC
"Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyi" “Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Ağcabədi rayonu üzrə seçim turunu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin 10 komandasının 60 şagirdi intellektual mübarizə aparıb. Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin "Elit" komandası birinci, 2 nömrəli tam orta məktəbin "Hünər" komandası ikinci, 5 nömrəli tam orta məktəbin "Bilik" komandası üçüncü yerə layiq görülüb.
"Elit" və "Hünər" komandaları “Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Zərdabda keçiriləcək final yarışında Ağcabədi rayonunu təmsil etmək hüququ qazanıb.


Xəbərin mətnində orfoqrafik səhv var