CƏMİYYƏT


Polis Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsil sahələrində əməkdaşlığa dair protokol imzalanıb

Bakı, 10 iyul, AZƏRTAC

İnformasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal texnologiyaların həyatımıza daxil olması, kompüter şəbəkələrinin qloballaşması yeni növ hüquq pozuntuları silsiləsindən olan kibercinayətkarlığın yaranmasına səbəb olub. Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyi tərəfindən də bu sahədə mübarizənin labüdlüyü nəzərə alınaraq, elektron məlumatların cinayətlərin törədilməsində istifadə edilməsinin qarşısını almaq üçün kibercinayətkarlıqla mübarizədə mühüm addımlar atılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin yaradılması, DİN-in Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna başlanılması bunun əyani sübutudur.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün bu sahədə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın, sıx münasibətlərin yaranması günümüzün tələbinə çevrilib. Bütün bunlar nəzərə alınaraq, Polis Akademiyası ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair protokol imzalanıb.

İmzalanma mərasimində Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, ATU-nun rektor əvəzi, professor Xalıq Yahudov, hər iki təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə DİN Polis Akademiyasının yeni tədris binasında kursantların hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.

Tədbirdə Akademiyanın tarixi və müasir dövrünü əks etdirən film nümayiş olunub.

Sonra hər iki ali təhsil müəssisənin rəhbərləri elm və təhsil sahələrində əməkdaşlığa dair protokol imzalayıblar.

Tədbirdə çıxış edən polis general-mayoru Nazim Əliyev ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması sahəsində ciddi işlər aparıldığını qeyd edib. O, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ akt və sərəncamların qəbul edildiyini, əməkdaşlıq protokolunun hər iki təhsil müəssisənin professor-müəllim heyətinə bu sahədə biliklərini kursant və tələbələrlə bölüşmək üçün geniş imkanlar yaradacağını söyləyib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qeyd edib ki, milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Polis Akademiyası arasında imzalanan əməkdaşlıq protokolu çərçivəsində bundan sonra informasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsaslarının birlikdə araşdırılacağını, dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübənin öyrəniləcəyini qeyd edib.

Mərasimdən sonra Polis Akademiyasında “Müasir cəmiyyətdə informasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşdırılması, ağıllı elektron dövlətin informasiya təhlükəsizliyi, cinayət qanunvericiliyində kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlər, veb-serverlərə hücum metodlarının analizi mövzularında çıxışlar edilib, təcrübə mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.