CƏMİYYƏT
Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Azərbaycan polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən nazirliyin aidiyyəti xidmət rəisləri, məzunlar, valideynlər, ictimaiyyət və KİV nümayəndələri ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən nazir Ramil Usubov Polis Akademiyasının müəllim və müdavim heyətini, həmçinin valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Nazir Polis Akademiyasının təyinatına uyğun olaraq, bütün dövrlərdə daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan bu təhsil müəssisəsinin böyük inkişaf yolu keçərək Akademiya səviyyəsinədək yüksəldiyini, onun məzunlarının şəxsi heyətin əsas özəyini təşkil etməklə, bir çoxlarının müxtəlif rəhbər vəzifələrə irəli çəkildiyini bildirib.
General-polkovnik Ramil Usubov vurğulayıb ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işləri və həyata keçirilən islahatlar Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə edib. Dövlətimizin başçı burada görülən işlərlə iki dəfə şəxsən tanış olub, dəyərli tövsiyələrini verib. Məhz Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki bazası gücləndirilib, təhsilin keyfiyyəti yüksəldilib. Ən müasir tələblər səviyyəsində 400 nəfərlik yataqxana binası inşa edilib. Cari ilin martında isə yeni tədris korpusunun və 450 yerlik konfrans zalının tikintisinə başlanılıb.
Diqqətə çatdırılıb ki, Akademiyada tətbiq olunan “Tədris prosesini idarəetmə” sistemi çərçivəsində hər bir valideyn, övladının nizam-intizamının səviyyəsi, dərslərə davamiyyəti barədə məlumat əldə edə bilir. Hazırda Akademiyada bir elmlər doktoru, 13 elmlər namizədi və 6 dosent fəaliyyət göstərir. Daha 19 əməkdaş doktorluq və namizədlik dissertasiyası üzərində çalışır.
Tədbirdə qeyd olunub ki, tədrisin keyfiyyətinin yüksəlməsində Akademiyanın bir çox xarici dövlətlərin, o cümlədən Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrin Daxili İşlər nazirliklərinin müvafiq təhsil müəssisələri ilə işgüzar münasibətləri, habelə yüzlərlə əməkdaşın beynəlxalq konfrans, seminar, təlim və intellektual müsabiqələrdə iştirak etməsi də əhəmiyyətli rol oynayıb.
Məzunların həyatında yeni bir dövrün başlandığını diqqətə çatdıran daxili işlər naziri onlara tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
Sonra Polis Akademiyasını fərqlənmə ilə bitirən beş məzuna diplomlar və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonları təqdim edilib.
Akademiyanı əla qiymətlərlə başa vuran Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub, döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.
Müdavimlər “Azərbaycan polisi” marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.