CƏMİYYƏT
Polis Akademiyasında hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə kursantların qəbulu elan edilir VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına hüquqşünaslıq ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, çağırışçı kimi həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, Azərbaycan Respublikasının 16 yaşdan 18 yaşadək kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İkili vətəndaşlığı, 2022-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2022-ci il yanvarın 24-dən martın 5-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək. Namizədlər müraciət üçün sənədləri - şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməni (əsli və surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayışı və ya tam orta təhsil haqqında sənədi, yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayışı, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni (əsli və surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnaməni və 9x12 santimetr ölçüdə 2, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.
Seçim komissiyasının vaxtı və Polis Akademiyası haqqında Daxili İşlər Nazirliyinin “www.mia.gov.az” və Akademiyanın “www.pa.edu.az” internet saytlarında ətraflı məlumat yerləşdirilib. Əlavə məlumatı (012) 454-12-78 və 590-98-16 telefon nömrələrinə zəng etməklə almaq olar.