CƏMİYYƏT
Polis Günü münasibətilə aksiya keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
2 İyul - Polis Günü münasibətilə paytaxtda aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu il yol polisi ilə yanaşı, Post Patrul Xidmətinin və Daxili Qoşunların karantin postlarında xidmət edən əməkdaşları da təltif olunublar.
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və “Avtosfer.az” saytının dəstəyi ilə keçirilən aksiyanın geniş miqyasda təşkili pandemiya dövründə polisin fəaliyyətinə ictimai dəstəyin ifadə edilməsi məqsədi daşıyıb.
İctimai Birliyin sədri, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, karantin postlarında, küçə və prospektlərdə xidmət aparan polis əməkdaşları diqqətə layiqdirlər və onların əməyi rəmzi mükafatla da olsa qiymətləndirilməlidir. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tövsiyələri ilə pandemiya dövründə ictimai fəallığın artırılması, eləcə də bu prosesdə zəhməti olan həkimlərin, polislərin, hərbi qulluqçuların və digər sahələrin əməkdaşlarına qiymət verilməsi məqsədilə budəfəki aksiyanı daha geniş miqyasda təşkil etdik. Aksiya müddətində Bakının giriş və çıxış nöqtələrində qurulmuş 3 karantin postunda, paytaxtın müxtəlif rayonlarında, eləcə də Sumqayıt şəhərində, həmçinin paytaxtda xidmət aparan yol patrul və post patrul xidməti əməkdaşları, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları “Təşəkkürnamə” ilə təltif edilib. Aksiya maraqla qarşılanıb və polislərdə xoş təəssürat yaradıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə bir tədbirin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Qeyd edib ki, polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmaz, prinsipial mövqeyi ilə seçilir. Çünki hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrənilir, zəruri tədbirlər görülür.
Yol polisi əməkdaşlarını təbrik edən “Avtosfer.az” saytının redaktoru Orxan Əli bildirib ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Azərbaycanın Polisinin sıralarında xeyli sayda Milli Qəhrəman adına layiq görülənlər, habelə orden və medallarla təltif olunanlar əməkdaşlar var. Bu gün Azərbaycan Polisi peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırılır.
Polis əməkdaşları aksiyanın təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.