CƏMİYYƏT
Polis Səbail rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən xüsusi texniki vasitələrlə qorunan obyektlərin birindən oğurluq edilməsinin qarşısı növbəti dəfə vaxtında alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 10-da gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Həyəcan siqnalı daxil olandan cəmi 10 saniyə sonra Səbail RMİ-nin operativ tutucu qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.
Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 8-ci Polis Bölməsinə təhvil verilib.
Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini Qalib Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektdə quraşdırılan kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hazırda DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş idarəyə və onun yerli qurumlarına müraciət edə bilər.