CƏMİYYƏT


Polis əməkdaşları 1 tona yaxın narkotik tərkibli çətənə kolunu qanunsuz dövriyyədən çıxarıblar VİDEO

Bakı, 18 avqust, AZƏRTAC 

Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.

Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların Novxanı qəsəbəsində icarə əsasında götürdükləri istixanaya baxış zamanı ümumi çəkisi 970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.