CƏMİYYƏT
Polis əməkdaşları Abşeron rayonunda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində reydlər keçiriblər VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif olunması hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin neqativ halların qarşısının alınması, qəlyandan istifadə olunmasına şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Növbəti belə tədbir zamanı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Tüstü” çay evində qəlyandan istifadə və bunun “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə polis orqanlarına məlumat verilib. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə yayımlayan bir nəfər isə cərimə olunub.
Xırdalanda keçirilən daha bir tədbir zamanı “Rich club” çay evində də müştərilərin mütəmadi olaraq qəlyandan istifadə etdiyi müəyyənləşdirilib. Tədbir zamanı orada qəlyandan istifadə edən iki müştəri cərimələnib. Obyektin icarədarı Murad Hacıyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.
Fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədilə profilaktik tədbirlər davam etdirilir.