CƏMİYYƏT
Polis əməkdaşları Bakı-Sumqayıt elektrik qatarlarında reyd keçiriblər VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin daşımaları karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, stansiyalarda xüsusi ilə də elektrik qatarlarında tibbi maskadan istifadə digər qapalı məkanlarda olduğu kimi zəruridir.
Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarəti isə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həyata keçirirlər. Polislər nəinki vağzalda, eləcə də vaqonlar daxilində sərnişinlərin tibbi maskadan düzgün istifadə etməsinə yol boyu nəzarət edirlər. Karantin qaydalarına əməl etməyən sərnişinlər isə Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın sərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub.
Qeyd edək ki, İdarə əməkdaşları xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi məqsədilə profilaktik tədbirləri mütəmadi həyata keçirəcəklər.