CƏMİYYƏT
Polis əməkdaşları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirirlər
Bakı, 13 yanvar, AZƏRTAC
Polis orqanları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Xaçmaz rayonu ərazisində həyata keçirilib. Nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkarlanaraq götürülüb.
Yanvarın 12-də daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib. Avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan 90 kiloqram ağırlığında at əti aşkar edilərək götürülüb.
Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyənləşdirilən qaydada tədbirlər görüləcək.