CƏMİYYƏT
Polis əməkdaşları əhalinin ərzaq təhlükəsizliyinin təminatı istiqamətində tədbirləri davam etdirir
Bakı, 28 oktyabr, AZƏRTAC
Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, növbəti belə tədbir Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkarlanaraq götürülüb.
Rayon ərazisində bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub. Bir müddət həmin ərazidə müşahidə aparılarkən məlumat təsdiqini tapıb.
Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkarlanaraq götürülüb. İ.Əsgərov həmin ət məsullunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.
Araşdırmalarla müəyyən edilib ki, o, at ətini qoca inək əti adı ilə həyətində istehlakçılara satırmış. O, alıcıların bunu bilməmələri üçün hətta piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq Naftalan ŞPŞ tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.