CƏMİYYƏT
Polis əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla hazırlanan, gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının “Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brokonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 avar, elektrik cərəyanını artıran cihaz, akkumulyator, “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Məmməd Yusifov tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.
Gücləndirilmiş iş rejimində çalışan Su Nəqliyyatında Polis İdarəsi dənizdə olan reydlərini davam etdirir və dənizdə baş verən qanunsuz, sənədsiz, çirkli suların axıdılması və qanunsuz körpü salanlarla mübarizə aparır. Çirkli su axıdılması faktı Bibiheybət qəsəbəsi, Zığ–2 körpüsündə qeydə alınıb və bununla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq ölçü götürülüb.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazilərdə regional reydlər keçirilir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan, elektrik avadanlığı ilə tutulan balıqları və adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər müəyyənləşdirilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Su Polisinin əməkdaşları dəfələrlə bu əməlləri törədən şəxslərlə profilaktik və maarifləndirici söhbətlər apararaq onlara belə halların yolverilməz olduğu izah edilib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Zığ-2 körpüsündə, Bibiheybət, Ağstafa, Mingəçevir, Şəmkir və digər xidməti ərazilərdə elektrik avadanlığı və digər ləvazimatlarla qanunsuz balıq tutan və adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.