CƏMİYYƏT
Polis əməkdaşları məktəblilərə narkomaniyanın fəsadları barədə məlumat veriblər
Bakı, 22 fevral, AZƏRTAC
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məlikumudlu kənd orta məktəbində narkomanlığın, erkən nikahların və dini radikalizmin fəsadları və bu sosial bəlalara qarşı mübarizə barədə məktəblilərlə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon polis şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, eləcə də müəllim və şagird kollektivi iştirak edib.
Polis əməkdaşları tədbirdə çıxış edərək narkomaniyanın fəsadlarından, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıblar. Qeyd olunub ki, narkomanların əksəriyyəti müxtəlif sağalmaz xəstəliklərə düçar olaraq öz həyatları ilə yanaşı, ailə üzvlərinin də həyatlarını məhv edirlər.
Digər çıxış edənlər ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirlərindən söz açıblar. Polis əməkdaşları şagirdlərə qeyri-ənənəvi, insanları radikal çağırışlara səsləyən dini təriqətlərdən uzaq olmağı tövsiyə ediblər.
Tədbirdə, həmçinin erkən qurulan ailələrdə sonradan yaşanan faciələrdən də bəhs edilib. Belə halların aradan qaldırılması üçün ictimai qınaqla yanaşı, valideynlərin də mövzuya daha həssas yanaşmalarının vacib olduğu bildirilib.
Sonda polis əməkdaşları məktəblilərin suallarını cavablandırıblar.