CƏMİYYƏT
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə müəyyən istisnalar olmaqla yanvarın 25-dən etibarən icazə verilməsinə baxmayaraq, COVID-19 virusu ilə mübarizədə əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtda fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibləri və işçiləri ilə maarifləndirici söhbətlər apararaq, onlara sanitar-epidemioloji normalara riayət olunması üçün tövsiyələr verirlər. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.
Bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi qaydada davam etdiriləcək.