CƏMİYYƏT
Polis əməkdaşlarının Lənkəranda keçirdiyi əməliyyat nəticəsində 6 kiloqramdan çox narkotik vasitə ələ keçirilib VİDEO
Bakı, 8 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Cinayət Axtarışı və Baş Narkotiklərlə Mübarizə idarələrinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhərində həyata keçirilən birgə tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunan Zamin Hüseynov saxlanılıb.
Z.Hüseynovun Lənkəranda yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqram 364 qram olan narkotik vasitə, o cümlədən 1 kiloqram 370 qram heroin, 2 kiloqram 850 qram tiryək, 440 qram həşiş, 1 kiloqram 704 qram metamfetamin və narkotik vasitələrin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar edilib. Həmçinin Zamin Hüseynovun mənzilindən satışı və istifadəsi qəti qadağan edilən 7035 ədəd güclü təsiredici vasitələr - “Metadon 40” və “Preqabalin” həbləri aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan əcnəbi vətəndaşın sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədilə ölkə ərazisinə gətirdiyini bildirib. Zamin Hüseynovun narkotik vasitələrin paytaxt Bakıda və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməyi planlaşdırdığı müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Zamin Hüseynov istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.