CƏMİYYƏT


Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 128 kiloqram heroin çıxarılıb VİDEO

Bakı, 5 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirlərini uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında Beyləqan rayonunda həyata keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş Şahsevən kənd sakinləri Veysəl Həsənov və Əbülfəz Rüstəmov saxlanılıblar. Onların üzərindəki bağlamalara baxış keçirilən zaman ümumi çəkisi 91 kiloqram olan narkotik vasitə, o cümlədən 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Veysəl Həsənov və Əbülfəz Rüstəmov ifadələrində xarici ölkələrdən birinin şəxsiyyəti hələlik istintaqa məlum olmayan vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. Bu şəxslər narkotik vasitələrin paytaxt Bakıda və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməyi planlaşdırdıqları müəyyənləşdirilib.

Baş İdarə əməkdaşlarının Sumqayıtda keçirdikləri əməliyyat zamanı şəhər sakini Elşad Süleymanov da saxlanılıb. Onun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni tanışı olan əcnəbi vətəndaşdan satmaq məqsədilə aldığını bildirib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş Kamran Ağayev saxlanılıb. Onun evinə baxış zamanı 6 kiloqramdan çox narkotik maddə, o cümlədən 1 kiloqram 400 qram heroin, 2 kiloqram 840 qram marixuana, 2 kiloqram 750 qram tiryək, 100 qrama yaxın metamfetamin və sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan Xalid Vəlişov saxlanılıb. Onun Sabunçu rayonunda gizlətdiyi yerdən satış məqsədilə əldə edib saxladığı 4 kiloqram 580 qram heroin aşkar olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Baş İdarənin əməkdaşları tərəfindən paytaxtın Nəsimi və Xətai rayonlarında keçirilən əməliyyatlar zamanı isə əvvəllər məhkum olunan Asim Rəsulov, Zöhrab Nəbiyev, Zaur Məmmədov və Zaur Quliyev saxlanılıblar. Polislər tərəfindən Asim Rəsulovdan 1 kiloqram 215 qram, Zöhrab Nəbiyevdən isə 1 kiloqram 86 qram heroin və metamfetamin aşkarlanıb. Həmçinin Zaur Quliyevin üzərindən və yaşadığı ünvandan müxtəlif adda ümumi çəkisi 3 kiloqram 528 qram narkotik vasitə, eləcə də psixotrop tərkibli 1000 həb, iki elektron tərəzi aşkarlanaraq götürülüb. Zaur Quliyevdən, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri də aşkarlanıb.

Bununla da Baş İdarə əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik 128 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və saxlanılan şəxslər istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.