CƏMİYYƏT
Polis irlandiyalı turistin itirdiyi şəxsi əşyalarını taparaq ona qaytarıb VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
UEFA Avropa Liqasının final oyununda İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Filip Horanın itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Filip Horan naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.
Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “Iphone” qol saatı və “Iphone-X” mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib. Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılıb, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.
Filip Horan AZƏRTAC-a müsahibəsində deyib: “Polis şöbəsinə ərizə ilə müraciət etdim. Taksinin dövlət qeydiyyat nişanını unutmuşdum. Buna baxmayaraq, polis əməkdaşları qısa müddətdə əşyalarımı taparaq mənə təhvil verdilər. Bu gün vətənimə sevinclə qayıdıram. Azərbaycan polisinin fədakarlığı haqqında bütün dostlarıma danışacağam. Ümumiyyətlə, UEFA Avropa Liqasının final oyununda da təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdu”.
Filip Horan hadisədən sonra 18-ci Polis Şöbəsində ona göstərilən diqqətə, polisin ona həyatı boyu unutmayacağı kömək göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə minnətdarlıq edib. Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalıda Azərbaycan, Bakı haqqında yüksək təəssürat yaradır. Abu-Dabi Universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Filip Horan gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, UEFA Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.
Filip Horan əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, bütün dostlarına və tanışlarına Bakıda gördükləri, yaşadıqları və polislərin ona göstərdikləri kömək barədə danışacağını bildirib.