CƏMİYYƏT
Polis karantin rejimini pozan kafe və restoran sahiblərinə qarşı ciddi tədbirlər görür VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və insanların toplaşdığı digər ictimai-iaşə müəssisələrinin iş müddəti saat 09.00-dan 15.00-dək müəyyən edilib.
Təəssüf ki, bəzi kafe və restoranların xüsusi karantin rejiminin tələblərinə məhəl qoymayaraq nəzərdə tutulmayan saatlarda fəaliyyət göstərməsinə rast gəlinir. Bu kimi neqativ halların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxt və bölgələrdə nəzarət tədbirləri daha da gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonuncu belə tədbir zamanı Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi 4A ünvanında yerləşən “Locco” çay evində, N.Paşayev küçəsində yerləşən “Qorodok” kafesində müəyyən saatlardan kənar müştərilərə xidmət göstərildiyi müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində ərazi polis orqanlarında qanuni tədbirlər görülüb.
Nəzərinizə çatdıraq ki, tətbiq edilən bu qadağada əsas məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda, zəruri qidalanma imkanlarını saxlamaqdır. Xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.