CƏMİYYƏT
Polis və prokurorluq orqanlarının əməkdaşları bağlı qalmış ağır cinayətin üstünü açıblar
Bakı, 4 mart, AZƏRTAC
Polis və prokurorluq orqanlarının əməkdaşları keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.
2013-cü il noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.