CƏMİYYƏT
Polisin Balakəndə keçirdiyi əməliyyat nəticəsində 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 19 may, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Qazma kənd sakini 52 yaşlı Elman Məmliyev saxlanılıb. Onun kənd ərazisində yaşadığı evə baxış keçirilərkən həyətyanı sahədə yerləşən istixanada aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 25 kiloqram 440 qram olan 90 narkotik tərkibli çətənə bitkiləri və həmin bitki kollarının ətrafına qurutmaq üçün sərdiyi 7 kiloqram 185 qram qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Balakən şəhər sakinləri Qəhraman Bayramov və onun idarə etdiyi “Xəzər” markalı avtomobildə sərnişin qismində əyləşən Mətin Məmmədov, Elvin Borayev və Elxan Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı əvvəllər məhkum olunanlar - Q.Bayramov və E.Borayevdən heroin, M.Məmmədovdan isə 340 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.