REGİONLAR
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər
Bakı, 13 may, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı Ramazan bayramı ilə əlaqədar ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələri və qazilərlə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların hünərinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan polislər onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə şəhər ərazisində 30 ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib.
Zaqatala Rayon Polis Şöbəsinin də əməkdaşları bayram münasibətilə şəhidlərimizin və aztəminatlı vətəndaşlarımızın evlərində qonaq olublar. Görüşlər zamanı onların qayğıları ilə maraqlanıb, söhbətlər aparıblar. Ailələrə bayram sovqatları təqdim olunub.