SİYASƏT


Politoloq: “Amnesty International” və “Human Rights Watch” nəhayət ki, kimin haqlı, kimin haqsız olduğunu görə bildi

Bakı, 30 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Bir vaxtlar ermənipərəst siyasət yürüdən və ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən “Amnesty International”, “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatlar açıqlamalarında klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edərək bildirirlər ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması beynəlxalq cinayətdir.

Hər zaman çıxışlarında dünyəviliyi, insanlığı təbliğ edən, insan hüquqlarının müdafiəsini öz vəzifəsi hesab edən “Amnesty International” və “Human Rights Watch” təşkilatları nəhayət ki, kimin haqsız, kimin haqlı olduğunu görə bildilər. Bərdə şəhərindən əvvəl Gəncə iki dəfə raket atəşinə tutulanda bu təşkilatlar səslərini çıxarmadılar, necə deyərlər, haqsızlığa göz yumdular. Dünyada baş verən ədalətsizliyə, haqsızlığa göz yummaq təbii ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların imicinə ziyan vurur və onları nüfuzdan salır. Təbii ki, Azərbaycan tərəfi bu haqsızlığa etiraz edərək beynəlxalq təşkilatlara öz iradını bildirməyə məcbur oldu. Bu iradın və tələbin nəticəsi olaraq, yuxarıda adları çəkilən beynəlxalq təşkilatlar nəhayət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktları ilə bağlı münasibət bildirmək qərarına gəldilər.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Bakı” politoloqlar klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

Politoloq diqqətə çatdırıb : “Amnesty International” və “Human Rights Watch” təşkilatları açıqlamalarında qeyd edirlər ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə amansızlıq və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insanın itkisinə, yaralanmasına səbəb olur. Kasetli döyüş sursatlarının istənilən şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqla qadağan olunub. Bu təşkilatların baş verənlərə münasibət bildirməsi bizim xeyrimizədir. Çünki Gəncə və Bərdədə mülki əhalini raket atəşinə tutmağı əmr edənlər - Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olacaqlar”.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlərin törədildiyini və bunların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirildiyini bildirən Zaur Məmmədov diqqətə çatdırıb ki, son bir ayda işğalçı ölkənin mülki əhaliyə qarşı insanlığa, bəşəriyyətə zidd hərəkətlər, cinayət aktları törətməsi daha da intensivləşib. Sözünü hərb meydanında deyə bilməyən Ermənistan məğlubiyyətin acığını mülki əhalidən, dinc vətəndaşlardan çıxır. Bu, beynəlxalq konvensiyalara ziddir. Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir və verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.