SİYASƏT


Politoloq: Azərbaycan Qələbədən sonra regionda sülhü təmin etmək üçün öhdəliklərini layiqincə yerinə yetirir

Bakı, 6 dekabr, AZƏRTAC

Bir neçə ay idi keçirilməsi gözlənilən Soçi görüşü Azərbaycanın maraqlarına uyğun nəticələnib. Müharibədən sonra imzalanmış bəyanatların şərtlərinin icrasının vacibliyi bir daha ölkə rəhbərləri tərəfindən imzalanmış Soçi Bəyanatında əksini tapıb. Soçi görüşündə dövlətimizin başçısı bildirdi ki, Azərbaycan müharibəni Qələbə ilə bitirdikdən sonra işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini və regionda sülhü təmin etmək üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir, Ermənistandan da eyni münasibət göstərməyi tələb edir. Soçi görüşündə həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarında göstərilən “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyi”nin dövlət başçıları tərəfindən bir daha vurğulanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin həyata keçiriləcəyinin göstəricisidir. İmzalanmış son Bəyanatın şərtlərinə baxdıqda görərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra Ermənistandan tələb etdiyi bütün şərtlər sənəddə əks etdirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, Soçi görüşündə imzalanmış Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin olmaması Azərbaycan Prezidentinin dəfələrlə ifadə etdiyi kimi, “Qarabağ münaqişəsinin bitdiyinin, geridə qaldığının” artıq region ölkələri tərəfindən də qəbul edilməsinin bariz nümunəsidir. “Sənəddə müharibənin bitməsindən sonra Azərbaycan ərazisinə qanunsuz yollarla keçərək saxlanılmış və cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Ermənistanın hərbi əsirlər kimi qələmə verməyə çalışdığı hərbi qulluqçuları haqqında məsələyə toxunulmaması da maraqlı hallardan biridir. Görünür, Azərbaycan və Rusiyanın həmin qüvvələri terrorçu kimi qiymətləndirməsinə daha Ermənistanın da etiraz etməsi üçün əsaslar qalmayıb. Görüşdə Vladimir Putin tərəfindən “dəhliz” sözünün dəfələrlə işlədilməsi Azərbaycanın “Zəngəzur dəhlizi” planının Rusiya tərəfindən dəstəkləndiyinin və onun açılmasının regionun iqtisadi potensialının üzə çıxarılmasında xüsusi rolu olacağının qəbul edilməsidir. Həmçinin Rusiya Prezidenti tərəfindən “nəqliyyat dəhlizi” ifadəsinin işlədilməsi, 10 noyabr Bəyanatında “dəhliz” yazılmayıb deməklə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınan Ermənistana növbəti mesaj oldu”, - deyə Y.Hacızadə əlavə edib.

O deyib ki, görüşdə Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa, tərəflərin sorğusu əsasında Rusiyanın məsləhətçi yardımı ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı da razılığa gəlinib. Münaqişə sonrası mərhələdə Azərbaycan daim üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib.

“Əlbəttə, Azərbaycan məqsədlərinə çatmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi kimi, digər tərəflərdən də imzalanmış bəyanatların şərtlərinə riayət etməsini tələb edəcək”, - deyə politoloq əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.