REGİONLAR
Politoloq: Azərbaycanda alternativ fikirli şəxslər dövlətçilik amalı ətrafında birləşir
Şuşa, 7 oktyabr, AZƏRTAC
Azərbaycanda siyasi dialoq mühitinin formalaşması mühüm əhəmiyyət kəsb edir. Həm ötən ilin iyul hadisələrində, eləcə də Vətən müharibəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bildirən bəyanatla çıxış etdilər. Siyasi fikirlərdən, cərəyanlardan, meyillərdən və istiqamətlərdən asılı olmayaraq, müxtəlif partiyaları təmsil edən şəxslər Vətən müharibəsinə töhfələrini verməyə çalışdılar. Bu, çox önəmli məsələdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O bildirib ki, eyni zamanda, ölkəmizdə yeni siyasi konfiqurasiyaya uyğun olaraq, siyasi dialoq mühitinin formalaşması, alternativ fikirlərin dövlətçilik naminə istifadəsi mühüm aktuallıq kəsb edir. Alternativ fikirli insanlar müxalifətdə olsalar da, dövlətçilik naminə fəaliyyət göstərir, dövlət, bayraq, Vətən uğrunda öz güclərini səfərbər edirlər. Vətən müharibəsində hər kəs bir yumruq kimi birləşdi, bu Qələbənin qazanılmasında, həmçinin siyasi partiya rəhbərlərinin vahid fikirdən, düşüncədən və təfəkkürdən çıxış etməsi önəmli məsələ idi. Postmünaqişə dövründə də ölkədəki alternativ fikirli şəxslərin dövlətçilik amalı ətrafında birləşməsi mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən mütəmadi olaraq siyasi partiyalarla görüşlər keçirilir, təmaslar qurulur və konfranslar təşkil edilir. Bu gün Şuşa səfərində hamının vahid meyar ətrafında birləşərək buraya gəlməsi də bunun əyani təzahürüdür. Bu proses davam etdiriləcək. Son dövrlər ölkəmizdə siyasi partiyaların dövlət qeydiyyatına alınması, onların qərargah probleminin həlli və ümumilikdə dövlət qayğısı ilə əhatə olunması prosesi geniş vüsət alır”, - deyə İlyas Hüseynov qeyd edib.