SİYASƏT


Politoloq: Azərbaycanın Qələbəsi “böyük Ermənistan” xülyasına son qoyan bir Zəfərdir

Bakı, 7 oktyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-si Qələbəyə gedən yolun başlanğıcı oldu. 44 gün davam edən hərbi əməliyyatlar zamanı böyük tarix yazaraq düşmənlərimizə və onların havadarlarına kim olduğumuzu sübut etdik. Prezident İlham Əliyev Ali Baş Komandan kimi Vətən müharibəsinin ilk günlərindən etibarən hərbi əməliyyatlara rəhbərlik etdi, biz həm də Onun müdrik dövlət başçısı kimi daxili, xarici informasiya müstəvisində böyük fəaliyyətinə şahidlik etdik. Prezident İlham Əliyev dünyanın 30-a yaxın media orqanına verdiyi müsahibələrdə Ermənistanı rüsvay edir, əsl həqiqətləri dünyaya çatdırırdı. Dövlətimizin başçısının fəaliyyəti dövründə xalq və iqtidar birliyini gücləndirə bilməsi hər zaman olduğu kimi, belə əhəmiyyətli günlərdə də xalqın dövlətin yanında olmasına gətirib çıxaran vacib amillərdən idi. Əslində, Qələbəyə gedən yolun əsası müharibədən bir neçə il əvvəl qoyulmuşdu. Dövlətimizin başçısı 2003-cü ildə hakimiyyətə gələrkən andiçmə mərasimində də torpaqlarımızı işğaldan azad edəcəyini bildirmişdi. Prezident İlham Əliyev xalqın etimadını doğruldaraq verdiyi sözə əməl etdi. Dövlətimizin başçısının hakimiyyətə gəlişindən sonra iqtisadiyyatın gücləndirilməsi, ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, müharibə, Qələbə üçün çox vacib olan sahələrdə inamlı islahatlar aparıldı. Azərbaycan Ermənistanı xarici siyasətində bütün resurslarından məhrum etdi və demək olar rəsmi Yerevanı dar çərçivəyə salmış oldu. Aparılan uğurlu xarici siyasətin nəticəsi olaraq Ermənistanın yer aldığı hərbi siyasi təşkilatlarda nüfuzu azaldılaraq Azərbaycanla həmin ölkələr arasında münasibətlərin yeni strateji mərhələyə çatdırılmasına nail olundu. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasına üzv dövlətləri, dünyanın nüfuzlu ölkələri ilə iqtisadi-hərbi əməkdaşlıqla bağlı bir sıra layihələrə imza atıldı. Nəticə etibarı ilə Azərbaycan müharibə ərəfəsində beynəlxalq arenada çox vacib müsbət imici olan bir tərəfə çevrilmişdi. Ermənistan isə küncdə dayanaraq regional proseslərdə belə obyekt rolunu oynamağa, hansısa ölkələrin əlaltısı, maşası olmağa davam edirdi. Bu ərəfədə də Ermənistan öz havadarlarının və əlaltısı olduğu ölkələrin “şirin” vədlərinə inanaraq Azərbaycana qarşı təxribatları davam etdirirdi. Nəticədə Azərbaycan-Ermənistan sərhədində, eyni zamanda, Qarabağda atəşkəs tez-tez pozulurdu. Sentyabrın 27-də mənfur qonşularımızın növbəti provokasiyası bardaqdakı suyu daşıran son damlaya çevrildi və Ermənistanın təxribatlarına tutarlı cavab genişmiqyaslı hərbi əməliyyatların başlanması oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib.

Politoloq deyib: “Döyüşlərin hər günü olduqca vacib idi. Hər gün Prezident İlham Əliyev Azərbaycan xalqına işğaldan Ordumuzun irəliləməsi və azad edilən ərazilərlə bağlı müjdəli xəbərlər çatdırırdı. Noyabrın 10-da isə Qələbə və Ermənistanın kapitulyasiyası xalqımız tərəfindən sevinclə qarşılandı. Azərbaycanın Qələbəsi 200 il ərzində kimlərinsə Azərbaycan torpaqlarını Ermənistana bəxşiş etməsinə, Ermənistanın işğalçı siyasətinə, “Böyük Ermənistan” xülyasına son qoyan bir Zəfərdir. Qələbə sayəsində erməni faşizminə, erməni xislətinə, erməni ideologiyasına ağır zərbə vuruldu. Biz həm düşmənlərə, həm də onların havadarlarına sübut etdik ki, bundan sonra bir qarış torpağımızı da heç kimə güzəştə getməyəcəyik.

Z.Məmmədov bildirib ki, nəticə etibarilə postmüharibə dövründə Azərbaycan diktəsi altında danışıqlar davam etdirilir. Azərbaycanın şərtləri sözsüz ki, Ermənistan tərəfindən bir-bir yerinə yetiriləcək. Bizim apardığımız siyasət nəticəsində Ermənistan tamamilə dalana dirənib, ordusu məhv edilib. Bu gün Ermənistandakı hadisələr də göstərir ki, artıq “qəhrəman erməni xalqı”, “məğlubedilməz erməni ordusu” kimi miflər dağıdıldı. Onların uşaqlara və qadınlara qarşı amansızlıqları ilə seçilən, cani olan psevdoqəhrəmanlarının bu gün bizim tərəfə baxmağa, Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə hünəri çatmır. Azərbaycan xalqı isə ötən il canı, qanı ilə tarix yazan rəşadətli Ordusu, igid oğulları ilə qürur duyur. Göstərdiyi misilsiz qəhrəmanlıq və şücaət ilə dünya hərb tarixində yeni səhifə açan Azərbaycan Ordusu azərbaycanlıların necə döyüşkən və cəsarətli olduğunu bir daha sübut etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.