SİYASƏT


Politoloq: Azərbaycanın böyük Qələbəsi Köçəryan və Sarkisyan kimi canilərə ən böyük sillədir

Bakı, 5 dekabr, AZƏRTAC

Tarixdən çox yaxşı məlumdur ki, erməni xalqının qəhrəman saydıqları hər kəs öz “qəhrəmanlıqlarını” yalnız və yalnız dinc azərbaycanlılara qarşı göstəriblər. Belələri Azərbaycanın mülki əhalisinə, qadın və uşaqlara etdikləri vəhşilikləri ilə yadda qalıblar. Ermənilər heç vaxt Azərbaycan Ordusu ilə üzbəüz və təkbətək döyüşərkən qalib gəlməyiblər. İndi Ermənistanda başda Köçəryan və Sarkisyan olmaqla, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırır. Lakin 30 il ərzində Ermənistanda formalaşan dövlətçilik məhz bu iki şəxsin yarıtmaz siyasətlərinin nəticəsidir.

Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, Köçəryan və Sarkisyan öz irqçi və faşist xüsusiyyətlərini 90-cı illərin əvvəllərində Azərbaycanın mülki əhalisinə qarşı nümayiş etdiriblər.

Politoloq qeyd edib ki, söhbət təkcə Xocalıdan getmir. Məhz onların göstərişi ilə Qarabağın ayrı-ayrı rayonlarında erməni hərbçilər torpaqları işğal edərkən mülki əhalinin çıxmasına icazə vermək əvəzinə, onlara qarşı ən çirkin əməllər törədib. Tarix ədalətlidir. Nə yaxşı ki həmin bu canilər indi Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini öz gözləri ilə gördülər. Bəs nə oldu, niyə 90-cı illərdən fərqli olaraq bu dəfə onlar müharibədə döyüşmədilər? Çünki o zamanlar Azərbaycanın faktiki olaraq ordusu yox idi və ölkəmiz müharibəyə hazır deyildi. Bu qatillər isə fürsətdən istifadə edərək xainlik etdilər. Əgər onlar doğrudan da dedikləri hünərə sahib idilərsə, 44 günlük müharibədə, yəni Azərbaycanla Ermənistan təkbətək vuruşanda niyə meydanda yox idilər? Çünki onların bizə qarşı döyüşməyə hünərləri çatmadı. Köçəryanın, Sarkisyanın faşist mifləri yerlə-yeksan oldu.

Zaur Məmmədov bildirib ki, Robert Köçəryan və Serj Sarkisyan bu illər ərzində Ermənistan cəmiyyətini zəhərləyərək “böyük Ermənistan” xülyasını körpələrdən tutmuş qocalara kimi hər kəsə aşılayırdılar. Onlar dəfələrlə gənclər qarşısında çıxışlarında “bizim nəsil Qarabağı aldı, sizlər isə digər torpaqları almalısınız” kimi absurd fikirlər irəli sürərək Ermənistanda Azərbaycana qarşı düşmənçilik əhval-ruhiyyəsini daha da artırıblar. Köçəryan və Sarkisyanın Azərbaycanla bağlı bütün çıxışlarında faşizmin izlərini aydın müşahidə edə bilərik. Beləliklə, Köçəryan və Sarkisyan Ermənistana nə verdilər? Sırf Köçəryan və Sarkisyanın sayəsində, onların xəstə təxəyyülləri nəticəsində erməni cəmiyyəti bugünkü ağır vəziyyətə - mənəvi əlillik vəziyyətinə düşdü. Onlar hər zaman qonşularına qarşı ərazi iddiaları irəli sürüb, bütün dünyanın sanki ermənilərə borclu olduğunu düşünüblər.

Politoloq deyib ki, artıq Cənubi Qafqazda yeni reallıq yaranıb. Azərbaycan Qarabağı azad edərək erməni işğalına son qoydu. Sözsüz ki, Azərbaycanın böyük qələbəsi Robert Köçəryan və Serj Sarkisyan kimi canilər üçün ən böyük sillədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.