SİYASƏT


Politoloq: Birgə təlimlər süni dostluq etmək istəyənlərə ciddi mesajdır

Politoloq: Birgə təlimlər süni dostluq etmək istəyənlərə ciddi mesajdır

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan və Türkiyə dost, qardaş və ən yaxın müttəfiq dövlətlərdir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın ötən əsrin əvvəlində Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, əsrin sonlarında isə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarlarını rəhbər tutaraq bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə ölkələrimiz arasında qurduqları yüksək səviyyəli əməkdaşlıq öz bəhrəsini verməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov bildirib.

Politoloqun sözlərinə görə, həm işğal dönəmində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmünaqişə dövrünə aid proseslərdə Türkiyə dövlətinin siyasi, diplomatik və mənəvi dəstəyi daim bizimlə olub. Artıq Şuşa Bəyannaməsi ilə həm də rəsmiləşdirilən bu münasibətlər tarixinin ən yüksək səviyyəsini yaşamaqdadır. Postmünaqişə dövründə də Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyimiz hərbi təlimlər hər iki qardaş xalqın və dövlətin maraqlarına cavab verir, təkcə dövlətlərimizin deyil, eyni zamanda, regionun təhlükəsizliyini təmin etmək niyyəti daşıyır.

“Prezident İlham Əliyev bütün bu təlimlərin və digər tədbirlərin başqa dövlətlərə təhdid deyil, xalqlarımızın və dövlətlərimizin maraq və mənafelərinə xidmət xarakterini daşıdığını dəfələrlə bildirib. Biz artıq həm qardaş Türkiyədə, həm də ölkəmizdə çox sayda hərbi təlimlər keçirmişik və bu proses hazırda da davam etməkdədir. Bundan başqa, müharibədən sonra dövlətimizin başçısı Azərbaycanın NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Ordusunun kiçik modelini yaratmaq niyyətində olduğunu dedi. Əlbəttə ki, burada məqsəd tarixi Zəfərimizin qorunub saxlanılması, ərazi bütövlüyümüzün təminatıdır.

Döyüş meydanında Qələbə qazandıqdan sonra bir sıra gizli məqamlar üzə çıxdı ki, onlardan biri də uzun illər bizə düşmən olduğunu göstərməyən, ancaq gizlin olaraq düşmənimizə ciddi dəstək verənlərin ifşa edilməsidir. Dost və qonşu cildinə girib təkcə bizə deyil, tarixinə, ənənələrinə və dininə xəyanət edənlərdən biri də cənub qonşumuz İran oldu. Uzun illər yaxın əməkdaşlıq və qonşuluq etdiyimiz, yürütdüyü siyasətlə özünü bütün dünyadan təcrid edən İrana qarşı tətbiq edilən heç bir sanksiyaya qoşulmadığımıza və müharibədən sonra belə Prezident İlham Əliyev tərəfindən dost ölkə adlandırılmasına, 3+3 formatında əməkdaşlıq təklif edilməsinə baxmayaraq, bizə dost olmayan İran hakimiyyəti özünün “qırmızı xətt”ini İslam dünyasına düşmən olan Ermənistanla bağladı. Azərbaycanın hər bir uğuruna və tarixi Zəfərinə çox böyük qısqanclıqla yanaşan klerikal İran rejimi yürütdüyü anti-Azərbaycan siyasəti ilə başını kolluqda gizlədib vücudu çöldə qalan dəvəquşunu xatırlatmaqdadır. Ancaq artıq hər şey bəllidir və həmişə açıq siyasət yürüdən Azərbaycan regionda elə bir yeni real siyasi mənzərə formalaşdırıb ki, bu vəziyyətdə ikili və maska altında siyasət yürütmək mümkün deyil”, - deyə X.Bəşirov vurğulayıb.

Politoloqun sözlərinə görə, bütün fəaliyyəti və ermənipərəst siyasəti ifşa olunan İran bizə sanki “əzələ nümayiş etdirmək” xülyasına düşərək, hərbi təlimlər adı altında şou göstərməyə çalışdı. Torpaqlarımızın 30 ilə yaxın işğal dönəmində həmin ərazilərimizin sərhədi boyunca bir təlim belə keçirməyən, qəsbkarlığa qarşı bir bəyanat da verməyən, bu ölkə ilə sərhədlərimizin ciddi bir hissəsi təcavüzlə dəyişdirilməsinə baxmayaraq, “qırmızı xətt”indən danışmayan İran bu gün sərhədlərin toxunulmazılığı üçün ötən əsrin “dayandoldurum”ları ilə təlim keçməyə çalışır. Bu təlimlərlə paralel olaraq, anti-Azərbaycan bəyanatları verən İran buna Ordumuzun xüsusi peşəkarlıqla təşkil etdiyi təlimlərlə cavabını almış oldu.

Türkiyə ilə yaxın münasibətlərimizi cənub qonşumuzun həzm edə bilməməsinə münasibət bildirən politoloq deyib: “Ancaq maqnitin əks qütbləri kimi bir-birini itələməli olan Ermənistanla dostluq etməyə çalışan İran müstəqil siyasət yürüdən Azərbaycanın din, tarix, mədəniyyət və dil baxımından eyni kökü bölüşdüyü Türkiyə ilə daha da yaxınlaşmasını qəbul edə bilmir. Bütün sözlərinə və vədlərinə əməl edən Prezident İlham Əliyevin ADA universitetindəki son beynəlxalq tədbirdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin eyni ordu olmasını isbat etməyin vaxtı artıq çatıb. Milyonlarla soydaşımızın Azərbaycana olan sevgisinin Türkiyə ilə birlikdə cənub sərhədlərimizdə keçirdiyimiz birgə təlimlər zamanı hansı şəkil aldığını birliyimizdən narahat olan qüvvələrə göstərməyin vaxtıdır. Biz bəziləri kimi sözdə və maraqlarımız uyğun gələndə deyil, həmişə bir yerdə hərəkət etdiyimizi, həqiqətən də “bir millət, iki dövlət” olduğumuzu nümayiş etdiririk. Birgə təlimlər, əslində, həqiqi dostluq və qardaşlıq gücünün nümayişi kimi süni dostluq etmək istəyənlərə ciddi mesajdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.