SİYASƏT


Politoloq: Dövlətimizin başçısı Ria Novosti agentliyi üçün müsahibəsində milli maraqlarımızı müdafiə etməyin nümunəsini ortaya qoydu

Bakı, 16 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün müsahibələrində verilən cavablardan da bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib Liderin, digər tərəfdə isə qüruruna görə öz ölkəsini fəlakətə sürükləyən yalançı və avantüristin olduğu aydın görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, siyasi ekspert Elxan Ələsgərov bildirib.

E.Ələsgərov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edir. Dövlətimizin başçısı Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlarla diqqətə çatdırır. Prezident İlham Əliyev sualları özünə güvənən, fikirlərinin həqiqiliyində əmin olan, qəti mövqe ortaya qoyan qalib Lider kimi cavablandırır. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır.

Paşinyanın müsahibəsinin mövcud vəziyyətdə Ermənistanın özünü çıxılmaz vəziyyətə saldığını açıq-aydın göstərdiyini bildirən politoloq deyib: “Həmin çıxılmaz vəziyyətin iki tərəfi var. Bir tərəfdən, Ermənistan hərbi-siyasi uğursuzluğa düçar olub, digər tərəfdən isə Ermənistanın hazırkı rəhbərinin düşüncə və təfəkkür cəhətdən səviyyəsinin aşağı olması, ziddiyyətli nitqi hər şeyi deyir. Bu da onu deməyə əsas verir ki, hətta ən sadə suallara cavab verə bilməyən Ermənistan rəhbəri Qarabağ məsələsində uduzduğunu artıq anlayır”.

E.Ələsgərov bildirib ki, siyasi savadı, idarəçilik təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan daxildə istifadə etdiyi yalanlarla Ermənistanın işğalçı siyasətini diqqətdən yayındıra biləcəyini düşünür. Bütün dünyanın erməni terroru haqqında geniş məlumata malik olduğu, Azərbaycanın 30 ildir Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətlərini bizə qarşı çevirməyə çalışır. Jurnalistin Moskva görüşünün nəticəsi kimi baza prinsipləri ilə bağlı sualına Azərbaycan Prezidenti məntiqlə, hər bir fikrini əsaslandırmaqla, detallı şəkildə cavab verdiyi halda, Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır.

“Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlətimizin başçısı onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda belə nümunələrin olduğunu göstərir və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual edir. Prinsipcə, Prezident İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model irəli sürür”, - deyə Elxan Ələsgərov vurğulayıb.

Politoloq eyni sualın Paşinyana üç dəfə verildiyini, lakin Ermənistanın baş nazirinin ya sualı başa düşmədiyini, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışdığını bildirərək deyib: “Onun cavabından aydın görünür ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazır olduqlarını bildirir. Kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alsaq, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, yeni işğal planları qurduğu barədə dedikləri öz təsdiqini tapır”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu diqqətə çatdırması diqqətəlayiqdir. Dövlətimizin başçısı müsahibəsində Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini çatdırmaqla, milli maraqlarımızı müdafiə etməyin, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoydu.

“Müsahibələr onu deməyə əsas verir ki, Rusiya auditoriyası Prezident İlham Əliyevin simasında bir tərəfdən təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və özünə əmin olan dünya səviyyəli Lider görür. Digər tərəfdə isə başını itirmiş, fikirlərini normal izah edə bilməyən, avantürist fərziyyələr səsləndirən, xalqını məhvə sürükləyən cılız və miskin Paşinyan var”, - deyə Elxan Ələsgərov fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.