SİYASƏT
Politoloq: Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh prosesini sabotaj etməkdə maraqlıdır
Bakı, 3 avqust, AZƏRTAC
Təəssüf ki, son günlər minatəmizləmə prosesində iştirak edən vətəndaşlarımızın mina qurbanına çevrilməsi halları müşahidə olunmaqdadır. Ümumilikdə isə postmüharibə dövründə mina partlayışı nəticəsində həyatını itirən və ya sağlamlıq imkanlarından məhrum olan vətəndaşlarımızın sayı artıq yüzlərlədir. Bütün bunlar hər şeydən əvvəl Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur. İkrah doğurucu digər məqam isə ermənilərin indi də sərhədyanı əraziləri minalamağa başlamasıdır. Bu da ondan xəbər verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh prosesini sabotaj etməkdə maraqlıdır. Ümumiyyətlə, son vaxtlar həm Qarabağda, həm də sərhəddə intensivləşən erməni hərbi təxribatları rəsmi İrəvanın məkrli planının tərkib hissəsi kimi görünür. Qarşı tərəf sanki sülh danışıqlarını pozmaq üçün bütün “imkanlarını” səfərbər edib. Mina terroru da bunun bir təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ceyhun Əhmədli söyləyib.
Politoloq qeyd edib ki, Ermənistan 30 illik işğal dövründə ərazilərimizi qəsdən minalayıb. Günahsız insanların kütləvi qətlinə hesablanan bu məkrli plan Ermənistanın beynəlxalq hüquqa nümayişkaranə şəkildə saymazyana davrandığını sübut edir. Belə ki, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları, 1980-ci il 10 tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolu, habelə BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır. 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan dövləti haqlı olaraq Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etdi. Uzun müddət belə bir xəritəyə sahib olmadığını bildirən Ermənistan hakimiyyəti Azərbaycanın təkidli tələblərindən sonra geri addım ataraq həmin xəritələrə sahib olduğunu etiraf etdi. Bu, həm də erməni cinayətkarlığının və faşizminin bütün dünyaya növbəti dəfə ifşası idi. Amma saxtakar xislətindən heç bir formada əl çəkə bilməyən Ermənistan hakimiyyəti xəritələrdəki məlumatları qəsdən yanlış təqdim edərək daha çox azərbaycanlının ölümünə və ağır yaralanmasına bais oldu.
Ceyhun Əhmədli bildirib ki, dünyanın gözü qarşısında baş verən bu terror hadisələri qarşısında beynəlxalq ictimaiyyət susmağa üstünlük verir. Sözdə insan hüquqlarını müdafiə edən beynəlxalq qurumlar sanki lal, kar və kor olublar. İşğal dövründə olduğu kimi, indi də Ermənistana heç bir təzyiq göstərilmir. Beynəlxalq qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi prosesində ölkəmizə bu sahədə təcrübəsi olan beynəlxalq qurumlardan da dəstək gəlmir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Təəssüf ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, indiyə qədər beynəlxalq qurumlardan minatəmizləmə işində ciddi bir dəstək görməmişik.
O əlavə edib ki, ermənilərin mina terroru xalqımızın azad olunmuş torpaqlara Böyük Qayıdışını bir qədər ləngitsə də, ümumi prosesin qarşısını kəsmək iqtidarında deyil. Necə ki, dəmir yumruq kimi birləşib 30 illik işğala son qoyduq, eləcə də həmrəy olub bu problemin də öhdəsindən gələcəyik. Heç bir maneə bizim o torpaqlara qayıtmaq əzmimizi zəiflədə bilməz.