SİYASƏT


Politoloq: Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi mühüm məsələdir

Bakı, 10 sentyabr, AZƏRTAC

Son bir neçə ilə nəzər yetirdikdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında 10-dan çox görüşün baş tutması, eyni zamanda, görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizin bir-birinə daha da yaxınlaşmasından xəbər verir. Azərbaycan və İran müxtəlif sahələr üzrə əməldaşlıq edirlər. Eyni zamanda, bu iki dövlət BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyini dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı törətdiyi Tovuz təxribatı ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir ki, İran İslam Respublikası da bu iki təşkilatın fəal üzvü kimi həmin mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin İran səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər də nəinki bu iki ölkəni, eyni zamanda, bütün İslam aləmini maraqlandıran məsələlərdir. Çünki Azərbaycan hər zaman İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən, həmçinin bu istiqamətdə böyük səylər göstərən dövlətdir. Bundan əlavə, Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman əlavə səylər göstərməyə hazırdır.

İslam aləminin bir parçası olan Azərbaycana qarşı Ermənistan tərəfindən yürüdülən işğalçılıq və Azərbaycanafobiya təkcə ölkəmizi deyil, ümumilikdə İslam aləmini də ciddi şəkildə narahat etməli, bu məsələnin həlli istiqamətində müsəlman dünyası tərəfindən əməli dəstək və mövqe nümayiş olunmalıdır. Çünki heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılıb, dini abidələrimiz təhqir edilib. Ermənilər işğal edilmiş ərazilərimizdə məscidlərimizi dağıtmaqla kifayətlənməyib, hətta bəzi məscidlərdə heyvan da saxlayırlar. Bu isə təkcə Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı edilən təhqir və cinayətdir. Bu iyrənc və insanlıqdan uzaq əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar mövcuddur.

“Beynəlxalq hüquq müstəvisində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu baxımdan sadalanan bütün faktları nəzərə alaraq düşünürəm ki, Ermənistanın işğal siyasəti fonunda İslam həmrəyliyinin möhkəmləndirilməsi olduqca mühüm məsələdir”, - deyə Ş.Həsənova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.