SİYASƏT


Politoloq: IX Qlobal Bakı Forumu beynəlxalq aləmdə əks-səda doğurub

Bakı, 21 iyun, AZƏRTAC

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir. Koronavirus pandemiyasının hələ də davam etdiyi bir vaxtda Azərbaycanın daha bir beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və mövqeyini bir qədər də möhkəmləndirib. İşğaldan azada edilmiş ərazilərimizin - Şuşanın və Suqovuşanın da beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi bir daha dünyaya bəyan etdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Qarabağ Azərbaycandır!

Bu fikirləri AZƏRTACA-a müsahibəsində politoloq Səhər İsmayılova söyləyib.

O bildirib ki, bu Foruma qədər də Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdikləri məkan kimi tanınırdı. Bunun əsas səbəbi ölkəmizin dünyada sabitlik diyarı kimi qəbul edilməsidir. Bir neçə il əvvəl ABŞ, NATO və Rusiya Federasiyasının yüksəkrütbəli hərbçilərinin bir sıra məsələlərin müzakirəsi zamanı Azərbaycanı seçmələri təsadüfi deyildi. Bu fakt da respublikamızın dünyada sabit ölkə kimi tanınmasını təsdiqləyir.

Politoloq Bakı Forumunun beynəlxalq aləmdə geniş əks-səda doğurduğunu deyib. Vurğulayıb ki, bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin forumdakı nitqində irəli sürdüyü məsələlərdən bəhs edən məqalələr dərc edirlər. Avropanın nüfuzlu “Eureporter” nəşri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitatlar yayıb. Hətta, dövlətimizin başçısının nitqindən Zəngəzur dəhlizinə və Ermənistanla sülh prosesinə aid sitatlar gətirilib.

S.İsmayılova Azərbaycan Prezidentinin çıxışında Ermənistana və havadarlarına ciddi mesajlar göndərildiyini xatırladıb: “Forumda Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Azərbaycan–Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının həm ölkəmiz, həm də qonşu dövlətlər üçün əhəmiyyətli olacağı barədə konkret fikirlər səsləndirib. Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən söhbət açan Prezident İlham Əliyev bununla bağlı dövlətimizin prinsipial mövqeyini bir daha ortaya qoyub. Azərbaycan Prezidentinin “Əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq” mesajı Ermənistan və himayədarları üçün növbəti xəbərdarlıqdır”.

Politoloq ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin həm də mühüm siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, belə tədbirlərdə dünyanın əksər ölkələrinin nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, sabiq dövlət və hökumət başçıları, həmçinin aparıcı əcnəbi media nümayəndələri iştirak edirlər. Onlar Azərbaycanda və regionda baş verən hadisələrin, tərəqqinin, yeniliklərin şahidi olurlar. Tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edir, həm erməni vandallığı ilə, həm də onların viranə qoyduqları yaşayış məskənləri, eləcə də, həmin ərazilərdə dövlətimizin öz vəsaiti hesabına apardığı genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri ilə yaxından tanış olur, əsil həqiqəti görürlər. IX Qlobal Bakı Forumu keçirilən zaman da bunun şahidi olduq. Tədbir iştirakçıları Qarabağ iqtisadi rayonuna – Füzuli və Şuşa şəhərlərinə səfər etdilər və hər şeylə yerində tanış oldular.

Forumun panel iclaslarının birinin Şuşada keçirilməsinin böyük maraqla qarşılandığını vurğulayan S.İsmayılova deyib: “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasının öz işini Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam etdirməsi hər birimizi qürurlandırıb. İştirakçılar işğaldan azad edilən Şuşada bərpa və yenidənqurma işlərinin aparılmasını yüksək qiymətləndirib, bunu Azərbaycanın növbəti uğuru olduğunu deyiblər.

Politoloq bu Forumun Azərbaycanda keçirilməsini ölkəmizin müasir dünyadakı yeri və rolunu əks etdirdiyini bildiriblər. Belə bir mötəbər Forumun respublikamızda keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artmasından xəbər verir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir və etimad göstərirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.