SİYASƏT


Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu

Bakı, 17 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışı Nikol Paşinyanı növbəti dəfə məğlubiyyətin acısını dadmağa məcbur etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq deyib ki, Prezident İlham Əliyev tarixi faktlara əsaslanan çıxışı ilə haqqın, ədalətin bizim tərəfimizdə olduğunu bütün dünyaya göstərdi.

“Dünyada qaynar nöqtələrin sayı artır, təhlükəsizliklə bağlı həyəcan təbili çalınır. Ən kiçik bir problem böyük toqquşmalara gətirib çıxarır. Panel müzakirələrdə moderator qismində çıxış edən amerikalı xanımın mövqeyi də aydın göstərir ki, Qarabağ münaqişəsinin həllinə doğru həm əlverişli şərait formalaşıb, həm də bölgədəki vəziyyət bir qədər sabitləşib. Panel müzakirələrdə dünya ictimaiyyəti tərəflərin bu münaqişəyə münasibətini aydın gördü. Azərbaycan Prezidenti problemin kökündə nəyin durduğunu dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçısının təmkinli çıxışı, səlis danışığı, tutarlı dəlilləri, faktlarla danışması Paşinyanı və onun təmsil olunduğu sistemi ifşa etdi. Polemikanın gedişi göstərdi ki, Ermənistan sərsəm siyasəti ilə digər ölkələrdə özünə qarşı nifrət oyadır. Azərbaycan Prezidenti sübut etdi ki, Paşinyanın iddialı konsepsiyası və siyasəti özlüyündə dünya üçün böyük təhlükədir. Faktlar qarşısında aciz qalan Ermənistanın baş naziri Azərbaycan rəhbərinə növbəti dəfə məğlub oldu və acizliyini boynuna aldı. Düşünürəm ki, bu, yalnız Paşinyanın deyil, bütün erməni siyasi elitasının çox böyük bir məğlubiyyətidir”, – deyə T.Abbasov vurğulayıb.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın baş nazirinə əsl dərs verdi. Paşinyan bu dərsi, bu məğlubiyyətin acısını uzun zaman unutmayacaq. Bu hadisə Ermənistanda böyük ajiotaj yaradıb. Hazırda ermənilər pərişandır və ruh düşkünlüyü yaşayırlar. Paşinyanın biabır və məğlub olmaması üçün bir yolu var idi. O, inqilab yolu ilə hakimiyyətə gələndə nağıl danışmaq əvəzinə, dərhal Qarabağ məsələsinin həll olunmasına cəhd göstərsəydi və sələflərinin etdiklərini təkrarlamasaydı, onun üçün daha yaxşı olardı. Paşinyan bu debatda özündən əvvəlki Ermənistan rəhbərlərinin günahlarının daşıyıcısı kimi neqativ, mənfi obrazda çıxış etməli oldu.

Prezident İlham Əliyevin bütün debat və görüşlərdə həmişə hazırlıqlı olduğunu vurğulayan T.Abbasov bildirib ki, Münxendəki panel müzakirələrdə də belə oldu. Dövlət başçısı öz çıxışı ilə bir daha sübut etdi ki, bu münaqişədə Azərbaycanın tutduğu mövqe ədalətli mövqedir. Azərbaycan Prezidenti öz çıxışı ilə bir tərəfdən Paşinyana dərs verdi ki, ermənilərin ərazi iddiaları tam əsassızdır. Digər tərəfdən, dövlət başçısı Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasətinə konseptual yanaşmanı ortaya qoydu. Prezident ictimaiyyətə çatdırdı ki, bu münaqişənin həlli var, amma Ermənistan tərəfi bunu istəmir.

Panel müzakirələrdə əsas məqamlardan biri də Azərbaycan Prezidentinin Ermənistan rəhbərinə o dərsi keçməsi oldu ki, erməni xalqı artıq bir dəfə öz müqəddəratını həll edib, ikinci dəfə bunu etmək istəyirlərsə, Azərbaycandan kənarda eləsin. Dünya siyasətçilərinin əksəriyyəti bilmirdi ki, Ermənistanın 100 il bundan əvvəl özünü dövlət kimi təsdiq etməsi Azərbaycanın, özü də məhz İrəvanın hesabına olub. Prezident İlham Əliyev bu faktı bütün dünyanın gözü qarşısında bir daha vurğuladı ki, Azərbaycan Ermənistana kifayət qədər yaxşılıq edib və bu yaxşılıq qiymətləndirilməyib, əksinə, pislik görüb. Dövlət başçısı onlara başa saldı ki, əgər siz yenidən bu iddia ilə çıxış edirsinizsə, siz qəsbkarsınız və faşist ideologiyasına xidmət edirsiniz. Ölkə rəhbəri Paşinyana anlatdı ki, onlar azərbaycanlıların və ermənilərin bir yerdə yaşamalarının mümkün olmadığını deyir və təhlükəsizliklə bağlı irad bildirirlər. Bütün bunlar ermənilərin “Qarabağ” xəstəliyinin epikrizidir. Bu, Azərbaycan diplomatiyasının qələbəsidir. Bu, Prezident İlham Əliyev konsepsiyasının zəfəridir. Düşmən tərəf həmişə Azərbaycanı dünyanın gözündən salmağa çalışır, qara piar vasitəsilə Azərbaycanı dünyaya qəsbkar ölkə kimi təqdim etməyə çalışır. Halbuki onlar özləri qəsbkardırlar və Azərbaycanın Dağlıq Qarabağ hissəsinə köçürülmədirlər. Sığınacaq verdiyimiz halda onlar bizə qarşı torpaq iddiası ilə çıxış edirlər.

“Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli o qədər də uzaqda deyil. Artıq Ermənistanın maskası yırtıldı və biz bu münaqişənin həllinin finalındayıq. Arxada böyük, ağrılı-acılı yol vardı. Biz bu yolu açmışıq”, – deyə politoloq vurğulayıb.

Politoloq diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi fikirlər münaqişənin həlli yolunu müəyyən edir və bu yola işıq salır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.