SİYASƏT
Politoloq: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 8 may ağrısına son qoydu
Bakı, 8 may, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və onun ətrafında hər keçən gün daha da sıx birləşən Azərbaycan xalqı tarixdə elə bir gün olmayıb ki, Şuşanı, Qarabağı unutsun. Prezident İlham Əliyev tərəfindən istər beynəlxalq müstəvidə aparılan fəaliyyət, istərsə də iqtisadiyyatımızın hər keçən il daha da gücləndirilməsi məhz Qarabağ Zəfəri, Şuşa həsrətinə son qoyulması istiqamətində atılmış addımlar idi. Dövlətimizin başçısı o qədər uzaqgörən və sərrast siyasət yürütdü ki, nəticədə Ermənistan regionda reallaşdırılan bütün layihələrdən kənarda qalmaqla dalana çevrildi. Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən bildirmişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Sözünün imzası qədər dəyəri olan dövlətimizin başçısı bu sözünə və vədinə də sadiq qalaraq xalqımızın ümidlərini doğrultdu, Şuşanı işğaldan azad etdi, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq bildirib ki, hər il 8 may tarixində qaysaq bağlamış yaramız bir daha qanayır, bu tarixi böyük ürək ağrısı ilə keçirirdik. Çünki Şuşanın Azərbaycan xalqı üçün siyasi, tarixi əhəmiyyətindən başqa, mənəvi əhəmiyyəti də böyükdür. Şuşada mənfur düşmən riyakarcasına yallı gedərkən Şuşasız qalan Azərbaycan qoynu balasız qalmış anaya bənzəyirdi. Bizim qəhrəman oğullarımız, xəmiri ümummilli lider Heydər Əliyev ideyaları ilə yoğurulan, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil Şuşanı, torpaqlarımızı azad etdilər. O oğullar Şuşanı müasir silah-sursatlarla deyil, ən bəsit döyüş vasitələri ilə, əlbəyaxa döyüşdə azad etdilər. Çünki Şuşanın işğaldan azad edilməsi milli qürur, qeyrət məsələsi idi. Şuşanın işğaldan azad olunması ilə illərlə azərbaycanlılara qarşı soyqırımı törədən canilərdən qisas alındı. Biz öz qələbəmizlə məsum balalarımızı gözlərini qırpmadan öldürən, əli azərbaycanlı, türk qanına batmış bütün hər kəsin cavabını haqq savaşımızda haqlı olaraq verdik.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə BBC-yə verdiyi müsahibəsi “Twitter”də baxış sayı 3 milyonu ötüb. O da təsadüfi deyil ki, saysız-hesabsız “Twitter” istifadəçisinin Prezident İlham Əliyevin haqlı olması ilə bağlı şərhləri haqqında bütün dünya danışır. Necə ki, Şuşa əməliyyatı haqqında dünyanın aparıcı hərbi məktəbləri öyrənməyə, onu dərsliklərə salmağa çalışır, dünyanın aparıcı media qurumları bu barədə analitik məqalələr dərc edirlər. Azərbaycan Prezidentinin bu müsahibəsi bir daha sübut edir ki, bəli, biz dünyanın hər bir bucağına öz haqq səsimizi çatdırmağı bacardıq və haqq savaşımızda layiqli qalibiyyət əldə etdik.
Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dedi və hər zamankı kimi, bu dəfə də verdiyi sözünə əməl etdi. Bu gün Azərbaycan xalqı və dövləti şəhidlərinin ruhunu yüksək tutaraq, postmüharibə dövrünə fokuslanıb və Şuşada quruculuq işləri sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan işlərin nəticəsi olaraq Şuşa nəinki Azərbaycanın, Qafqazın və dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, tezliklə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı da keçiriləcək. Beləliklə, biz öz dədə-baba yurdumuzu qurmağa çoxdan başlamışıq. Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşanın düşmən işğalından azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İndi artıq biz 8 may ağrısı ilə deyil, 8 noyabr sevinci ilə yaşayırıq.